III FƏSİL
OKSİGEN. HAVA. YANMA

12. Oksigen kimyəvi element və bəsit maddə kimi


Şəkil 17. Təbiətdə elementlərin yayılması.
1-oksigen, 2-alüminium, 3-dəmir, 4-kalsium, 5-natrium, 6-kalium, 7-maqnezium, 8-hidrogen, 9-qalanları, 10-silisium

Oksigen elementi 1772-ci ildə İsveç alimi Karl Şeyele tərəfindən kəşf edilib. O, təbiətdə ən çox yayılmış elementdir (şəkil 17). Yer qabığını əhatə edən atmosfer, litosfer və hidrosfer qatları kütləsinin təqribən 49,4%-i oksigenin payına düşür. Birləşmə şəklində oksigen torpağın, suyun, dağ süxurlarının, filizlərin, mineralların əsas tərkib hissəsini təşkil edir. Məsələn, təbii suların ~ 88,88%-i, çay qumunun (SiO2) ~ 53,5 % -i oksigen elementindən ibarətdir. Oksigen bütün canlı orqanizmlərin (bitkilər, heyvanlar və s.) tərkibinə daxildir. İnsan bədəninin ~ 65%-i oksigendir.

Təbii birləşmələrdə oksigen elementinin üç izotopuna
(168O, 178O, 188O) rast gəlinir. Bunlardan ən çox yayılanı nisbi atom kütləsi 16 olan izotopdur (~99,99%). Oksigen elementinin dövri sistem cədvəlindəki sıra nömrəsi 8-dir. Deməli, onun atomlarının (hər üç izotopunun) hər birində 8 proton vardır və nüvəsinin yükü +8-dir. İzotopların hər birində neçə neytron olduğunu özünüz hesablaya bilərsiniz.

Oksigen elementinin atomları bir-biri ilə birləşərək iki bəsit maddə — oksigen və ozon qazlarını əmələ gətirir. Oksigen qazı O2, ozon qazı isə O3 molekullarından ibarət olur. O2 və O3 oksigen elementinin allotropik şəkildəyişmələridir. Mövzu 5-dən bilirik ki, allotropiya hadisəsi, həmçinin karbon, kükürd, fosfor və s. elementlərdə də müşahidə olunur. Oksigen qazı Yer kürəsinin atmosferində (kütləcə ~23%, həcmcə ~21%) və təbii sularda həll olmuş şəkildə olur.

Atmosfer havasında oksigen qazının olduğunu A.Lavuazye 1774-cü ildə müəyyənləşdirmişdir. Oksigenlə yanaşı, havada həcmcə 78%, kütləcə 75,5% azot qazı (N2) və təqribən ~1% nəcib qazlar (arqon və başqaları), çox az miqdarda (~0,03%) karbon qazı vardır. Atmosferin ümumi kütləsinin təxminən 1/5 hissəsi (~5,15•105 ton) oksigendən ibarətdir. Hesablanmışdır ki, 1m3 təbii suda həll olmuş halda 40 q oksigen qazı olur. Bu qədər oksigenin suda həll olması orada yaşayan canlıların həyatını təmin edir.