XIX əsrin sonu və XX əsrin əvvəllərində Qarabağın mahir muğam ustalarından olan tarzən Mirzə Sadığın (Sadıqcan) ilk dəfə tarın ifaçılıq texnologiyasını dəyişərək onun simlərinin sayını beşdən on birə çatdırması təbii ki, tara hərtərəfli imkanlar açdı. Sadıqcandan sonra Bakı tarzənlərindən Mirzə Mənsur və Məşədi Süleyman qardaşlarının muğam sənətimizin inkişafında müstəsna rolu oldu. Görkəmli tarzənlərimizdən Məşədi Zeynal, Mirzə Fərrux, Şirin Səlyanlı, Məm mədxan və başqaları, mahir xanəndələrimiz Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, Mirzağa Hacıağababa oğlu, Məşədi Məmməd, Hüseynqulu Sarabski, Segah İslam və bir qədər sonra Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov Azərbaycan muğam sənətinin korifeyləridir.
Onlardan sonrakı dövrlərdə isə istər klassik xanəndələrin son nəsli ilə əməkdaşlıq etmiş tarzənlər — Bəhram Mansurov, Əhmədxan Bakıxanov, Hacı Məmmədov, Əhsən Dadaşov, Baba Salahov, Həbib Bayramov, Sərvər İbrahimov, Əliağa Quliyev, istərsə də nisbətən cavanlar — Ramiz Quliyev, Ağasəlim Abdullayev və başqaları, kamança ifaçıları — Habil Əliyev, Tələt Bakıxanov, Elman Bədəlov, Şəfiqə Eyvazova və başqaları sələflərinin layiqli davamçılarıdır. Xanəndələr — Hacıbaba Hüseynov, Rübabə Muradova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Şövkət Ələkbərova, Əlibaba Məmmədov, Sara Qədimova, Tükəzban İsmayılova, Fatma Mehrəliyeva, Arif Babayev, Qədir Rüstəmov, Zeynəb Xanlarova, Səxavət Məmmədov, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Alim Qasımov və başqaları isə özünəməxsus yaradıcılıq xüsusiyyətləri ilə seçilən muğam ustalarımızdır.