3.5. Xüsusi buxarlanma istiliyi

Mayeni buxarlandırmaq üçün ona müəyyən qədər istilik miqdarı verilir, buxar kondensasiya etdikdə isə ondan istilik miqdarı ayrılır.
  • Bu istilik miqdarları nədən asılıdır?

Müxtəlif maddələrin maye halından qaz halına çevrilməsi üçün müxtəlif miqdarda enerji tələb olunur. Bu enerji xüsusi buxarlanma istiliyi adlanan fiziki kəmiyyətlə xarakterizə olunur.

ARAŞDIRMA-1

  • Buxarlanma istiliyi nədən asılıdır?
Məsələ

Təcrübədən müəyyən olunmuşdur ki, 1 kq suyu buxarlandırmaq üçün 2,3 MC, həmin miqdarda spirti buxarlandırmaq üçün 0,9 MC istilik miqdarı vermək lazımdır. Kütləsi 2 kq olan suyu buxarlandırmaq üçün 4,6 MC, həmin qədər spirti buxarlandırmaq üçün 1,8 MC istilik miqdarı tələb olunur.

Nəticəni müzakirə edin:
  • Müxtəlif növ mayelərin buxarlanması üçün lazım olan istilik miqdarı nədən asılıdır?
  • Sabit temperaturda mayeni buxara çevirmək üçün sərf olunan istilik miqdarına buxarlanma istiliyi deyilir.

Araşdırmanın təhlilindən məlum olur ki, buxarlanma istiliyi mayenin növündən və kütləsindən asılıdır:

Q = Lm.

Burada Q - buxarlanma istiliyi, m - mayenin kütləsi, L - mayenin xüsusi buxarlanma istiliyidir.

Mayenin xüsusi buxarlanma istiliyi eyni kütləli müxtəlif mayeləri buxara çevirmək üçün tələb olunan istilikləri fərqləndirməkdən ötrü tətbiq edilən fiziki kəmiyyətdir.

Düsturu Ölçü vahidi
L = Q
m
[L] = 1C
kq
Tərifi Tərifi
Maddənin xüsusi buxarlanma istiliyi - 1 kq mayeni buxarlandırmaq üçün sərf olunan istilik miqdarına bərabər olan fiziki kəmiyyətdir. 1 kiloqramda coul - elə mayenin buxarlanma istiliyidir ki, onun 1 kq-nı buxarlandırmaq üçün 1C istilik sərf olunsun.