İnsan yarandığı gündən indiyədək təbiəti müşahidə etmiş, ondan istifadə etməklə yanaşı, həm də təbiətdən öyrənmişdir.
► Sizcə, insan təbiətdən nəyi öyrənə bilərdi?
Şəklə baxın və sualları cavablayın.
Qədim insanlar vəhşi heyvanlara, quşlara, balıqlara, bitkilərə baxaraq onların heyranedici mükəmməllikləri qarşısında vəcdə gəlmiş və bu xüsusiyyətləri həyatda tətbiq etməyə çalışmışlar. Beləliklə, ətraf aləmdə mövcud olan müxtəlif canlıların daxili və ya xarici quruluşunu xatırladan əşyalar düzəldərək onlar ilk ixtiralara imza atmışlar.
Bu gün insanlar çoxsaylı texniki vasitələrə malik olmalarına baxmayaraq, hələ də təbiətdən bəhrələnirlər. Onlar müasir dövrümüzdə nanotexnologiya* sahəsində böyük uğurlar əldə etmişlər. Mühəndislik elmi texniki sərhədi olmayan təbiətdən hələ də çoxlu “məsləhətlər” almaqda davam edir. Bu sahədə söhbət ən çox “Bionika” elmindən gedir. “Bionika” - biologiya və texnologiyanın qarşılıqlı sintezidir. Onun devizi belədir: “Canlı orqanizmlər yeni texnologiyaların açarıdır”.
Leonardo da Vinçi quşları seyr etmiş və uçan aparat düzəltmişdir. O, aparatın qanadlarını quş qanadına bənzətmiş və bu cihaza “ornitopter” adını vermişdir. Müasir texnika bu cür qanadlar düzəltməyə, təəssüf ki, hələ nail olmamışdır. Daha bir misal. Qədim yunanlar döyüş vasitəsi kimi xüsusi qurğulardan istifadə edərək qala qapılarını və divarlarını dağıdırdılar. Bu qurğuların quruluşu qoyun kəlləsinə (alnına) bənzəyirdi. İnsanlar müşahidə etmişlər ki, qoyunlar hücum edərkən alınları ilə nə qədər güclü zərbə endirsələr belə, onların alınlarına ziyan dəymir. Və bunu öz məqsədləri üçün istifadə etmişlər. Onlardan bəzilərini sizə təqdim edirik.