İnsanın təbiətə nə dərəcədə güclü təsir göstərməsi sizə bəllidir. Təsadüfi deyil ki, insanın yarandığı gündən biosferin inkişafının yeni antropogen mərhələsi başlayır.
İnsanın təbiətə təsiri nə kimi qlobal faciələrə səbəb olur? | |
Belə halların qarşısının alınması üçün hansı tədbirlər həyata keçirilir? |
Atmosferdə karbon qazının təbii dövranı sxeminə antropogen faktorları əlavə edin. Bu faktorların karbonun təbii dövranında etdiyi dəyişiklikləri və bunun canlılara təsirini əsaslandırın.
Biosfer öz-özünü tənzimləyən nəhəng bir sistemdir. Lakin insan cəmiyyətinin əmələ gəlməsi və onun fəaliyyətinin təbiəti kəskin dəyişməsi biosferin dinamik tarazlığını pozmağa başlamışdır. İnsanın təsiri ilə biosferin noosfer* adlanan təbəqəsi yaranmışdır.
Biosferə mənfi təsir göstərən antropogen amillər getdikcə daha da çoxalır. Bəşəriyyət nəhəng enerji potensialına və yüksək texnologiyalara malik olmaqla həyat səviyyəsini yaxşılaşdırmaqla bərabər, bütün bu uğurların mənfi nəticələrinə də sahiblənmiş olur.
Yerin təkindən daş kömür, neft, qaz, metal və s. sərvətlərin çıxarılması zamanı buraxılan səhvlər, atom və hidrogen bombalarının sınaqdan keçirilməsi, müharibələr, rentgen qurğuları, atom sənayesinin inkişafı yeni ekoloji problemlərin ortaya çıxmasına gətirib çıxarır.
Elmi-texniki tərəqqi canlılar aləminin dəyişməsinə səbəb olur. Bir çox heyvan və bitki növləri yoxa çıxmaqda davam edir. Sənaye tullantıları havanı, suyu, torpağı çirkləndirir, meşə sahələri durmadan azalır. Zəhərli kimyəvi, radioaktiv maddələr qida zənciri vasitəsilə canlılar arasında geniş yayılaraq orqanizmlərdə müxtəlif fəsadlar törədir.