Heyvanların əksəriyyətinin cinsi yolla çoxalması sizə məlumdur. Bilirsiniz ki, cinsi çoxalma zamanı ziqotdan yeni orqanizm inkişafa başlayır və rüşeym əmələ gəlir. Xordalı heyvan rüşeymlərinin inkişafında hüceyrə, toxuma və orqanlar sistemi necə inkişaf edir? Onların müxtəlif siniflərində fərq nədədir?
Məqsəd: | Toyuq yumurtasında embrionun inkişafını izləmək |
Ləvazimat: |
1 ədəd təzə və mayalanmamış yumurta, mayalanmış inkubatorda inkişafı təmin
edilmiş və ya
toyuqların üstündə kürt yatdığı yumurtalar, lupa, pambıq, qayçı, pinset, qablar, iynələr
|
Heyvanların mayalanmış yumurta hüceyrələrinin (ziqotun) mitoz yolla çoxaldığını bilirsiniz. Yumurta sarısının miqdarından asılı olaraq hüceyrələrin bölünməsi müxtəlif cür olur. Sarısı az olan dərisitikanlılar, neştərçələr, ali məməlilərdə hüceyrələr tam və bərabər bölünür.
Suda yaşayan onurğalı heyvanlarda inkişaf. Hansı heyvanların yumurtahüceyrələrində yumurta sarısı çoxdursa, bu hüceyrələrdə parçalanma prosesi tam getmir və ya bölünmə zamanı əmələ gələn hüceyrələrin ölçüsü eyni olmur. Məsələn, qurbağalarda və tritonlarda mayalanmış yumurtahüceyrə tam bölünsə də, yaranan blastomerlər müxtəlif ölçülü olur. Rüşeymin bir qütbündə kiçik, digər qütbündə isə iri blastomerlər yaranır. Blastulanın iri hüceyrələr yaranan hissəsində yumurta sarısı çox olur ki, bu da sonrakı inkişaf zamanı bəzi fərqliliklər yaradır
Quruda yaşayan onurğalı heyvanlarda inkişaf. Quru mühitində yaşayan orqanizmlərin inkişafında bir sıra uyğunlaşmalar yaranmışdır. Əksər sürünənlərin, quşların, yumurta qoyan məməlilərin yumurta hüceyrəsi sərt qabıqla örtülür. Onlarda qabıqaltı pərdə formalaşır, yumurta zülalları çoxalır. Sürünənlərin və quşların yumurtalarında yumurta sarısı çox olur, onlar natamam bölünürlər. Onların inkişafı zamanı yalnız rüşeym diski bölünür.