İnsanın psixoloji durumunda baş verən dəyişikliklərdən biri də təşvişdir. Həyatda insanın üzləşdiyi qorxulu və təhlükəli vəziyyətlərə orqanizmin verdiyi psixi və fizioloji reaksiyaların cəmi təşviş adlandırılır.
Təşvişin yaranma səbəbləri haqqında məlumat toplayın və təqdim edin.
Təşviş reaksiyaları çox tez-tez baş verən psixoloji dəyişikliklərdir. Bu insanın əmək fəaliyyətinə, sosial əlaqələrə, o cümlədən ailə münasibətlərinə mənfi təsir göstərir. Bu zaman insan real təhlükə kəsb etməyən vəziyyətdən çəkinməyə çalışır.
Təşviş pozuntularının yaranmasına gətirib çıxaran səbəblər:
1. Psixoloji faktorlar:
• şəxsiyyətlərarası problemlər
• yaxın adamın vəfatı • həddən artıq gərginlik • arzuolunmaz həyat şəraiti (işin itirilməsi, ağır maddi vəziyyət) • düzgün olmayan gündəlik rejim |
2. Bioloji faktorlar:
• genetik meyillilik
• somatik xəstəliklər, xüsusən endokrin pozuntular • müəyyən maddələrin (alkoqol daxil olmaqla), yaxud dərmanların qəbulu |
Yavaş gedən depressiya, yaxud somatik xəstəliklər təşviş pozuntusunu artırır. Somatik narahatlıqla bağlı izahedilməz şikayətləri olan xəstələrdə bu cür pozuntulara tez-tez rast gəlinir. Pozuntular qadınlarda kişilərə nisbətən 2,5 dəfə çox baş verir. Vaxtında müalicə olunmazsa, bu, xroniki hal ala bilər.