Müxtəlif səbəblərdən insanların psixoloji durumunda dəyişikliklər baş verir. Nəticədə onların davranışlarında ciddi pozuntular yaranır. Bəzən həkim müdaxiləsi olduqda belə, bu proseslərin qarşısını almaq mümkün olmur.
Qruplara bölünün. “Depressiyanın yaranma səbəbləri və aradan qaldırılması yollarına dair araşdırma aparın. Nəticələri ümumiləşdirin.
Hal-hazırda insanlar arasında ən geniş yayılmış psixi pozuntulardan biri depressiyadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünya ölkələrində depressiv pozuntuların artması müşahidə olunur. Proqnozlara görə, bir neçə ildən sonra xəstəliklər içərisində depressiya yalnız ürəyin işemik xəstəliyindən geri qalmaqla ikinci yerdə qərar tutacaq.
İnsanın əhvalının pisləşməsinə səbəb olan depressiya iştahanın olmaması, yuxusuzluq, təşviş, həyəcan, tez yorulma, intihar barədə fikirlər, gərəksizlik hissi kimi bir sıra simptomlarla müşayiət olunur.
Gündəlik həyatda depressiya insanda ümidsizlik, ruh düşkünlüyü, kədər hisləri yaradır. Bu halları keçirən insan artıq xəstəliyin ilk mərhələsini yaşayır. Bu zaman həmin insana tibbi yardım göstərilməsi zəruridir.