Ailə millətin, cəmiyyətin ilkin özəyi və təməlidir. Hər bir ailənin özünəməxsus qayda-qanunları var. Bu qanunlar uşaqların tərbiyəsində çox böyük rol oynayır. Ata-ananın bir-birinə qarşılıqlı hörməti, məhəbbəti, qayğısı, diqqəti həmin ailədə böyüyən övladlar üçün örnəkdir.
Ailə başçısı hansı keyfiyyətlərə malik olmalıdır ki, burada yaşamaq üçün sağlam mühit yaransın və ailə xoşbəxt olsun?
Hansı şəraitdə böyüyən uşaqlar daha xoşbəxt olurlar?
Uşaqların sağlam düşüncəyə malik olması üçün ailədaxili münasibətlər necə olmalıdır? Fikirlərinizi müzakirə edin.
“Ailə” sözü ərəbcədən gəlir və “dayanmaq” deməkdir. Ailənin qurulmasına Peyğəmbərimiz (s.ə.s.) də çox böyük qiymət vermişdir. O demişdir: “Asimanın qapıları 4 məqamda açılır - yağış yağanda, övlad ata-ananın sözünə qulaq asdıqda, Kəbənin qapısı açıldıqda və nikah kəsildikdə”.
Ailə kiçik kollektivdir. Onun başçısı bir çox bacarıqlara malik olmalıdır.
Ailə başçısının rəhbərliyi ilə ailədə elə bir sağlam psixoloji şərait yaratmaq lazımdır ki, uşaqlar ailə üzvlərinin nümunəsi əsasında tərbiyə alsınlar. Ailə quran hər bir şəxs dərk etməlidir ki, nikaha daxil olmaqla o öz üzərinə daha çox məsuliyyət götürür. Çünki ailənin normal yaşaması üçün maddi-mənəvi şərait yaratmağı bacarmalıdır.
O, ailə üzvlərinin sağlamlıq və istirahətinə, ailənin gəlirini düzgün bölüşdürməyə və ailə büdcəsini yaratmağa, gündəlik qida rejimini nizamlamağa, yəni ailənin bütün üzvlərinin yaşamasına cavabdehlik daşıyır.
Ailədə ata və ana uşaqlarını tərbiyə etmək üçün çox əziyyət çəkirlər. Uşaqlar da həmişə valideynlərin zəhmətini qiymətləndirməli, onların sözünə qulaq asmalı, ailənin qayda-qanunlarına ciddi əməl etməlidirlər.
Ancaq bəzən evlilik həyatında bir sıra problemlər yaşanır. Əgər ailə sağlam təməl üzərində qurulmuşdursa, belə hallarda çətinliklərin öhdəsindən birgə gəlmək mümkündür.