Orqanizmlərin birhüceyrəli və çoxhüceyrəli olaraq iki qrupa bölündüyünü bilirsiniz.
Oparin nəzəriyyəsinə görə, koaservatlardan birhüceyrəli prokariot orqanizmlər, onlardan isə eukariotlar yaranmışdır. Bu proses necə baş vermişdir? |
|
Çoxhüceyrəlilər necə yaranmışdır? |
Birinci sualın cavabı çox sadə ola bilər. Birhüceyrəli orqanizmlərdən fərqli olaraq çoxhüceyrəli orqanizmlər çoxsaylı hüceyrələrdən təşkil olunmuşdur. Ancaq bu fikir düzgün deyil. Çünki siz bilirsiniz ki, koloniyalar da çoxhüceyrədən ibarətdir, ancaq çoxhüceyrəli orqanizm deyil. Deyə bilərsiniz ki, çoxhüceyrəlilərdə hüceyrələr müxtəlif quruluşludur, ölçüləri müxtəlifdir. Ancaq bunu bəzi koloniyalarda da müşahidə etmək mümkündür.
Şəkli nəzərdən keçirib xarici və daxili qat hüceyrələrini müəyyənləşdirin. Hüceyrələrin funksiyalarını onların quruluşu ilə müqayisə edin.
Çoxhüceyrəli orqanizmləri fərqləndirən əsas xüsusiyyət onların fərqli hüceyrələrinin müxtəlif qatlarda yerləşməsi və müxtəlif funksiyaları yerinə yetirməsidir.
Çoxhüceyrəliliyin yaranması haqqında müxtəlif fikirlər vardır. Ancaq fərziyyələrə görə, onlar müasir qamçılılara və amöbə bənzəyən varlıqlar olmuşdur. Onları yaxalıqlı qamçılılar adlandırmışlar. Çünki su onun yuxarı hissəsində olan yaxadan daxil olur və özü ilə qida hissəcikləri gətirirdi. Gələn qidanı yalançı ayaqlar tutur və qida ətrafında həzm vakuolu yaranırdı. Hüceyrələr bölündükdə bəzən ayrılmırdı. Bu isə koloniyaların yaranmasına səbəb olurdu. Çox vaxt hüceyrələr üçün sıxlıq yaranır, onlar bir-birinin qida axtarmasına və hərəkətinə mane olurdu. Bu zaman hüceyrələrdə qruplaşma gedir, onların bir qismi hərəkətə, bir qismi isə qidalanmaya xidmət edirdi.