Sahib orqanizm kimi çıxış edən bitki, heyvan və insan orqanizmləri mikroorqanizmlərin yaşaması üçün əlverişli mühit rolunu oynayır. Onlar arasında qarşılıqlı münasibətlər mutualizm* və parazitizmlə özünü göstərir.
Canlıların qarşılıqlı təsirlərindən hər iki canlı üçün faydalı olan mutualizmdən fərqli olaraq parazitizm zamanı mikroorqanizm sahib orqanizmdə yaşayaraq ondan qida mənbəyi kimi istifadə edir və ona ziyan vurur.
► Sahib orqanizmdə parazitlik edən mikroorqanizmlər onun hüceyrə və toxumalarına necə təsir edir?
Sxemi nəzərdən keçirin. Mikroorqanizmlərin sahib orqanizmlə qarşılıqlı təsirini izah edin:
Parazit həyat tərzinə keçmə uzun sürən təkamül prosesi nəticəsində mikroorqanizmlərdə bir çox dəyişikliklərə səbəb olmuşdur. Mikroorqanizmlərin sahib orqanizmdə yaşamağa uyğunlaşmasında təbii seçmə mühüm rol oynamışdır.
Əvvəlcə ətraf mühitdə yaşama qabiliyyətini tam itirməyən parazitlər, sonra ətraf mühitdə yaşama qabiliyyətini itirmiş və yalnız sahib orqanizmdə yaşayan parazitlər əmələ gəlmişdir. Daha sonra isə onların ancaq müəyyən toxuma və orqanlarında yaşamağa uyğunlaşmış növləri yaranmışdır. Məsələn, malyariya xəstəliyi törədiciləri, əsasən, qaraciyər və qan hüceyrələrini, dizenteriya törədiciləri isə yoğun bağırsağın selikli qişasını zədələyir.