ZÜLALLAR VƏ POLİMERLƏRİN FİZİKİ VƏ
KİMYƏVİ XASSƏLƏRİ
Zülalın denaturasiyası
Sınaq şüşəsində yumurta zülalının suda məhlulunun 3-5 ml-ni qaynayana qədər spirt lampası ilə qızdırın.
Məhlul soyudulduqdan sonra onun üzərinə bir o qədər də su əlavə edin. Hər iki halda baş verən
dəyişiklikləri müşahidə edin.
Nəticəni müzakirə edin:
- Zülal məhlulunu qızdırdıqda nə baş verir? Bu hadisə nə ilə əlaqədardır?
- Bəs məhlulu soyutduqda və su ilə durulaşdırdıqda nə müşahidə etdiniz?
- Yumurta zülalını qızdırdıqda o hansı denaturasiyaya uğrayır? Nə üçün?
Ağır metalların duzları ilə zülalların çökdürülməsi
Hər birində 2 ml zülal məhlulu olan iki sınaq şüşəsindən birinə məhlulu çalxalayaraq damcı-damcı mis(II)
hidroksidin doymuş məhlulunu, digərinə isə qurğuşun(II) asetat məhlulu əlavə edin və müşahidə
aparın.
Nəticəni müzakirə edin:
- Sınaq şüşələrində nə baş verdi?
- Demək olarmı ki, ağır metal ionları zülalla birləşmə əmələ gətirir?
- Orqanizmin ağır metal ionları ilə zəhərlənməsinin qarşısını almaq məqsədilə bu üsuldan istifadə
etmək olarmı?
Zülalların rəngli reaksiyaları
Biuret reaksiyası. İçərisində 3-4 ml zülal məhlulu (yumurta ağı) olan sınaq
şüşəsinə 2-3 ml NaOH məhlulu
tökün və üzərinə 2 ml mis kuporosunun məhlulunu əlavə edin.
Nəticəni müzakirə edin:
- Sınaq şüşəsində hansı dəyişiklik baş verdi?
- Mis(II) ionlarının iştirakı ilə bu rəngli məhlulun əmələ gəlməsi nəyi sübut edir?
Polietilenin fiziki və kimyəvi xassələri
- (1) Sınaq şüşəsində polietilen dənəciklərini qızdırın və şüşə çubuqla
polietilenin formasını
dəyişməyə cəhd edin. Bu nümunəni yenidən qızdırın və şüşə çubuqla onun formasını bir də
dəyişməyə cəhd göstərin.
- (2) Sınaq şüşəsində polietilen dənəciklərinin üzərinə bromlu su əlavə
edin.
- (3) Polietilen dənəciyini alova yaxınlaşdırın.
Nəticəni müzakirə edin.
- 1-ci təcrübə əsasında polietilenin termoplastik və ya termoreaktiv polimer olduğu haqqında nə söyləyə
bilərsiniz?
- Bromlu suya münasibətdə polietilenlə etilen arasındaki fərq nədən ibarətdir?
- Alovda polietilenlə nə
baş verir? Yanan polietileni alovdan uzaqlaşdırdıqda nə baş verir?
- Alova yaxınlaşdırdığınız polietilen dənəcəyində hansı dəyişiklik baş verir?