Natrium-alkoqolyatın alınması
-
Sınaq şüşəsində 1 ml izopropil spirtinin üzərinə kibrit çöpünün başı boyda natrium metalı əlavə
edin. Reaksiya tam başa çatdıqdan sonra sınaq şüşəsinə su əlavə edin və sonda məhlula bir neçə
damcı fenolftalein tökün.
Nəticəni müzakirə edin:
-1-ci mərhələdə nə müşahidə etdiniz?
-2-ci mərhələdə indikatorun rənginin dəyişməsi nə ilə əlaqədardır?
-Hər iki reaksiyanın kimyəvi tənliyini tərtib edin.
Mis(ll) qliseratın alınması
- Sınaq şüşəsində 2 ml mis(ll) sulfatın suda 10%-li məhlulunun üzərinə bir o qədər də 10%-li
natrium-hidroksid məhlulu əlavə edin. Alınmış çöküntünün üzərinə damcı-damcı qliserin əlavə edin
və qarışığı çalxalayın.
Nəticəni müzakirə edin:
- Qarışığı çalxaladıqda nə baş verdi? Bu zaman hansı rəngli məhlul əmələ gəldi?
- Məhlulda baş verən dəyişiklikləri (mis(ll) hidroksidin alınması da daxil olmaqla) əks etdirən
reaksiya tənliklərini tərtib edin.
- Sizcə, etil spirti də qliserin kimi mis(ll) hidroksidlə reaksiyaya daxil olarmı?
Formaldehidin "gümüş-güzgü" reaksiyası üzrə oksidləşməsi
- Sınaq şüşəsində 2 ml formalinin üzərinə bir neçə damcı gümüş(l) oksidin ammonyaklı suda
məhlulunu əlavə edin və spirt lampası ilə zəif qızdırın. Baş verən dəyişikliyi müşahidə edin.
Nəticəni müzakirə edin:
- Sınaq şüşəsində hansı dəyişiklik baş verdi?
- Nə üçün sınaq şüşəsinin divarı güzgü kimi parıldadı?
- Formaldehidin daxil olduğu reaksiyanın tənliyini tərtib edin.
Benzaldehidin havanın oksigeni ilə oksidləşməsi
- Saat şüşəsinin üzərinə bir damcı benzaldehid əlavə edin və onu 15-20 dəqiqə havada saxlayın. Bu
zaman baş verən dəyişikliyi müşahidə edin.
Nəticəni müzakirə edin:
- Damcıda hansı dəyişiklik baş verdi?
- Müşahidə olunan dəyişiklik nə ilə əlaqədardır? Havadakı oksigen benzaldehidi hansı birləşməyə
çevirir?
- Saat şüşəsinin üzərində baş verən kimyəvi hadisənin tənliyini tərtib edin.