Azərbaycan xalçaları xalqımızın keçmişini, bugününü özündə əks etdirir. Xalçaçılıq sənəti eyni zamanda xalqımızın mədəniyyətini və adətlərini yaşadan bir sənət növüdür.
Qədimdə sənətkarlar xalçaları çeşnisiz1 - məişətdə, təbiətdə gördükləri
formalar əsasında toxuyurdular. Bu gün xalçaçı-rəssamlar öz fantaziyaları əsasında yaratdıqları
çeşnilərlə xalçaları yeni-yeni naxış növləri, forma və məzmunla zənginləşdirirlər. Eldar Mikayılzadə
məhz
xalçaçı-rəssam kimi bu sənəti yaşadan, onu dünyaya tanıtdıran, fəlsəfi məzmun və forma ilə
zənginləşdirən sənətkarlarımızdandır.
E.Mikayılzadə rəssamlığı və rəngkarlığı böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadədən, xalçaçılığı isə böyük ustad Lətif Kərimovdan öyrənib. Rəssam öz yaradıcılığında portret xalçaları çox az işləyib, daha çox süjetli və ornamentli xalçalara üstünlük verib. O çalışır ki, yaratdığı xalçada konkret bir fikir, mövzu və fəlsəfə olsun, xalça ölçüsündən, naxışlarından tutmuş rənginə qədər həmin o mövzunu, fikri açsın. Eldar Mikayılzadənin əsərlərində Avropa mədəniyyətinin də təsiri duyulur.
Eldar Mikayılzadə “Şəbi-hicran” mövzusuna bir neçə dəfə müraciət edib. Rəssam dahi şair Füzulinin obrazını üç ağac kökündən yaratmışdır.
1 Çeşni - xalça naxışının, formasının, süjetinin xüsusi trafaret üzərində çəkilmiş nümunəsidir.