Ağac üzərində bədii oymanın bütün növlərinin yerinə yetirilməsi üçün xüsusi alətlər lazımdır.
Hansı alətlərin köməyi ilə ağac üzərində bədii oyma aparılır? |
Ağac üzərində oymanın əsas iş aləti tiyəsi çəpinə bıçaqdır (şəkil 1, a). Bu bıçağın köməyi ilə müstəvi qanovcuqlu, yastı relyefli və naxışlı oyma işləri asanlıqla aparılır.
Naxış bıçağı (şəkil 1, b) müxtəlif oyma əməliyyatlarında yardımçı alət kimi istifadə edilir. Ağac üzərində oymanın elementləri üçün kəsici hissələri olan müxtəlif formalı naxış bıçaqlarından istifadə olunur (şəkil 1, c).
Şəkil 1. Ağac üzərində oyma bıçaqları
Əgər söhbət, əsasən, təsvirin düz hissələrinin kəsilməsindən gedirsə, bu işlərin böyük əksəriyyəti məhz bıçaqların köməyilə aparılır. Ağac üzərində kəsməni adi qatlanan cib bıçağı ilə yanaşı, xüsusi naxış bıçaqları ilə də aparmaq olar.
Həcmli elementlər düz və müxtəlif diametrli yarımdairəvi iskənələrlə işlənir (şəkil 2). Bütün bu iskənələr müxtəlif həndəsi quruluşa və təyinata malikdir.
Yastı düz iskənələr (şəkil 2, a) müxtəlif növ oyma işləri üçün yardımçı alət kimi istifadə edilir. Bu iskənələr yastı relyefli oyma və kənar xətt üzrə oyma işlərində fonun təmizlənməsi üçün işlədilir.
Novşəkilli iskənələr (şəkil 2, b, c, d) ağac üzərində oyma əməliyyatlarının əsas aləti hesab edilir. Onlardan oymanın bütün növlərinin yerinə yetirilməsində istifadə edilir.