Metal dartılma qabiliyyətinə malik olan xammal olduğu üçün bütün dövrlərdə sənətkarların diqqətini cəlb edib. Qədim heykəltəraşlar heykəllərinə nazik qızıl və gümüş lövhələr «geyindirərdilər». Dekorativ-tətbiqi incəsənətin metal emal etməklə işlənən növlərindən biri də çekankadır*.
Çekanka nədir? |
Çekanka təsvirin, imzanın metal lövhə üzərində müəyyən relyeflə zərb edilməsidir (şəkil 1).
Çekankada yastı relyefli, relyefli və həcmli təsvir yaratmaq mümkündür.
Şəkil 1. Zərbetmə üsulu ilə hazırlanmış dekorativ məmulatlar
Qədim Misirdə, Yunanıstanda və Romada sənətkarlar yüksək plastikaya malik metal lövhələrdən hərbi, yaraq-əsləhə* qab-qacaq və bəzək məmulatları hazırlayırdılar. Məişət əşyalarının dekorativ işlənməsinin müxtəlif üsulları arasında çekanka mühüm yer tutur. Qədim sənətkarlar alçaq və yüksək relyef yaratmaq üçün çoxsaylı çekanka üsulları bilirdilər. Müəyyən bir təsviri əldə etmək məqsədilə onlar öz məxsusi zərbetmə texnikalarından istifadə edirdilər. Metal üzərində naxışsalan ustalar təsvirin hamar və parıltılı elementlərini və yaxud süjetli lövhələri tutqun fon, qravürovka (oyma, həkketmə, naxışaçma, qazıma) və qızıla boyama ilə işləyirdilər.
Metal lövhə üzərində relyef xüsusi alətlərin - naxışsalma üçün qəlib və çəkiclərin köməyi ilə işlənir. Çəkiclər metaldan və yaxud taxtadan hazırlanır.
* Çekanka - üzəri təsvirli və bəzəkli metal
* Yaraq-əsləhə - hərbi döyüş geyimi və ləvazimatları