Müasir mənzil rahat və bütün avadanlıqlarla təchiz olunmuş yaşayış yeridir. Mənzilin elektrik və havatəmizləmə sistemləri ilə yanaşı, su təchizatı və kanalizasiya (çirkli suların axıb getməsi üçün boru və yeraltı kanallar sistemi) sistemləri də hər bir yaşayış yerinin vacib elementlərindən biridir (şəkil 1).
Mənzilin su təchizatı və kanalizasiya sistemi olduqca mürəkkəb mühəndis qurğuları və sanitariya tədbirləri kompleksidir.
Mənzilin su təchizatı suyun su istifadəçilərinə lazım olan miqdarda verilməsidir.
Kanalizasiya sistemi vasitəsilə mənzilin çirkab suları bir mərkəzə yığılır və xaric edilir.
Mənzilin su təchizatı və kanalizasiya sistemlərinin əsas tərkib hissələri bunlardır: borular - su (1) və kanalizasiya (2), şlanqlar (3), ventillər (4), suqarışdırıcı (qarışdırıcı cihaz) (5), çanaq (6), vanna (7), duş (8), unitaz (9) (ayaqyolu çanağı), axıdıcı çən (10), sifon* (11) və s.
Bütün sadalananlar sanitar-texniki armatura adlanır. Su təchizatı sisteminin əsas elementlərindən biri axıdıcı çəndir.
Şəkil 2. Axıdıcı çənin əsas tərkib hissələri: a - buraxıcı və doldurucu armatur; b - boşaldıcı mexanizm; c - su axıtma düyməsi
Axıdıcı çənin quruluşu necədir? |
İlk baxışdan axıdıcı çən sadə qurğudur: suaxıtma və qəbuletmə sistemləri ilə təchiz olunmuş axıdıcı çən (şəkil 2) düymənin basılmağıyla su axıdır; su qəbul edən qapaq açılır və boşalmış çən su ilə dolur. Amma bu qədər sadə quruluşa malik qurğu bəzən xarab ola bilir. Belə olan halda onu necə təmir etmək olar?
* Sifon - mayeni yuxarı səviyyədə duran bir qabdan aşağı səviyyədə duran qaba axıdan boru