Paltaryuyan maşın (şəkil 1) ev təsərrüfatında ən ağır əl əməyi hesab edilən parça məmulatlarının (alt və üst geyimlərinin, yataq dəstlərinin, çantaların və s.) yuyulub təmizlənməsi üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış qurğudur. Paltarların yuyulması - onlara suyun və yuyucu vasitələrin köməyi ilə kimyəvi və mexaniki təsirin göstərilməsidir.
Avtomatlaşdırılmış paltaryuyan maşın nə ilə xarakterizə edilir? |
Avtomatlaşdırılmış paltaryuyan maşının işində insan əməyindən az istifadə edilir. Paltaryuyan maşın elektrik şəbəkəsinə, kanalizasiya və su təchizatı sisteminə daimi qoşulu olduğu üçün onu işə salmaq heç bir əlavə əmək tələb etmir. Yalnız yuyulacaq paltarları içinə yığıb, yuyucu vasitələr əlavə etməklə uyğun gələn yuma proqramını seçmək lazımdır.
Avtomatlaşdırılmış paltaryuyan maşın hansı hissələrdən ibarətdir? |
Paltaryuyan maşının hissələri şəkil 2 və 3-də verilmişdir.
Avtomatlaşdırılmış paltaryuyan maşının iş prinsipi nədən ibarətdir? |
Qeyd etmək lazımdır ki, maşının üst qapağının altında yerləşən elektrik qapaqları bloku (şəkil 2-1) paltaryuyan maşına suvermə şlanqı ilə suyun yığılmasına nəzarət edir. Su maşına dolduqdan sonra xüsusi nazik şlanq vasitəsilə yuyucu vasitələrin töküldüyü bölməyə axır (şəkil 2-2). Sonra su çənə daxil olur (şəkil 2-3). Çəndə paltarların yuyulması prosesi gedir. Çəndə paslanmayan metaldan hazırlanmış fırlanan baraban yerləşir. Su çənə dolduqdan sonra qızdırıcı element işə düşür (şəkil 2-4). Qızdırıcı element suyu lazımi istilik həddinə qədər qızdırır. Barabanın fırlanması nəticəsində yaranan titrəyişi sabitləşdirmək üçün çən xüsusi yayların üzərində yerləşdirilib (şəkil 3-1). Bununla yanaşı, çənin yerini təsbit etmək üçün ona əks ağırlıq qurğusu da birləşdirilir (şəkil 3-2).