Dahi Azərbaycan dirijoru və bəstəkarı Niyazi Tağızadə-Hacıbəyov 1912-ci ildə Tbilisi şəhərində Üzeyir Hacıbəylinin qardaşı, tanınmış bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində anadan olub.
Kiçik yaşlarından ətrafında məşhur musiqi xadimlərini görən Niyazidə musiqiyə böyük maraq oyanır. İlk əsərlərini — «Zaqatala süitası» simfonik poemasını, «Vətən haqqında mahnı» və «Birinci deputat» mahnılarını 1935-ci ildə yazır. 1937-ci ildə M.F.Axundov adına Opera və Balet Teatrına dirijor təyin olunur. Üzeyir Hacıbəylinin «Koroğlu», Qara Qarayev və Cövdət Hacıyevin «Vətən» və Fikrət Əmirovun «Sevil» operalarına, Arif Məlikovun «Məhəbbət əfsanəsi» baletinə dirijorluq edir. Niyazi «1920-ci ildə» opera-kantatası, simfonik
orkestr üçün «Rəqs süitası», «Qaytağı» və bir sıra kütləvi mahnılar yazır. Sonrakı illərdə bəstəkar lirik-romantik «Xosrov və Şirin» operasını, «Rast» simfonik muğamını, Hindistan yazıçısı Rabindranat Taqorun əsəri əsasında «Çitra» baletini yazır və bu əsərə görə Cəvahirləl Nehru adına Beynəlxalq mükafatın laureatı olur.
Musiqi dinləyək
Niyazi. «Rast» simfonik muğamının «Maye» şöbəsindən bir parça
«Rast» klassik Azərbaycan muğamının «Maye» şöbəsindən bir parça
İki musiqi əsərinin oxşar və fərqli cəhətləri
Oxşar cəhətlər
1. Adları eynidir.
2. Şöbələrin adı eynidir.
3. Melodik cəhətdən eynidir.
Fərqli cəhətlər
1. Simfonik muğam simfonik orkestr tərəfindən ifa olunur.
2. Klassik muğam xalq üçlüyü tərəfindən ifa olunur.