Görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyev 1917-ci ildə Bakı şəhərində anadan olub. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və dirijorluq fakültəsində təhsil almışdır. Bəstəkarın ilk melodiyalarından biri olan M.Ə.Sabirin «Uşaq və buz» şeirinə yazdığı «Dərsə gedən bir uşaq» mahnısı da məhz bu illərdə yaranmışdır. Tofiq Quliyev «Rast» və «Zabul segah» muğamlarını nota almaqla bərabər, onları fortepiano üçün də işləmişdir. Tofiq Quliyev kino musiqisi və mahnı janrında gözəl nümunələr yaratmışdır. Keçən əsrin 50-ci illərində bəstəkar «Nuxa», «Qulu», «Brilyant », «Yüz bir», «Əskərani», «Qızılgül», «Altı nömrə», «Lalə», «Şalaxo», «Xalabacı», «Narıncı», «Darçını», «Keçiməməsi»,
«Cığcığa », «Bəxtəvəri» və «Turacı» xalq rəqslərini fortepiano üçün işləmişdir. Tofiq Quliyev «Ögey ana», «Bəxtiyar», «Onu bağışlamaq olarmı», «Möcüzələr adası», «Telefonçu qız», «Nəsimi» və s. kimi filmlərə musiqi bəstələmişdir. Bəstəkar uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının rəhbəri olmuşdur. O, 2000-ci ildə vəfat etmişdir.
«Qaytağı». Azərbaycan xalq rəqsindən bir parça