Əbdül Müslüm Maqomayev (böyük) 1885-ci ildə Qroznı şəhərində anadan olub. Onun atası xalq çalğı alətlərində gözəl ifa edir, anası isə məlahətli səsi ilə xalq mahnıları oxuyurdu. Müslüm Maqomayev Qori seminariyasını Üzeyir Hacıbəyli ilə birlikdə bitirir. Bu tədris ocağında o, qoboy və skripkada ifa etməyi öyrənir, vokal və musiqi nəzəriyyəsi fənləri ilə tanış olur, orkestrdə dirijorluq edir. Elə bu ərəfədə Müslüm Azərbaycan xalq musiqisinin incəliklərini öyrənir. 1912-ci ildən Üzeyir Hacıbəylinin yaxın silahdaşı kimi Azərbaycanın musiqi həyatında fəal iştirak edir. Bu illərdə bəstəkar «Şah İsmayıl»ı yazır və bu opera 1919-cu ildə tamaşaya qoyulur. Sonrakı illərdə «Yaz», «Tarla», «Bizim kənd», «Neft» kimi mahnıları, eyni zamanda kiçik orkestr üçün «Azərbaycan çöllərində », «Ceyran» rapsodiyalarını, «Ləzginka», «Turacı», «Əskərani», «Şəlalə» kimi rəqsləri, «Rəngi-Şüştər», «Təsnifi-Şur», «Pişdəramədi-Çahargah», «Radio marşı» kimi əsərlərini yazır.
1935-ci ildə bəstəkarın «Nərgiz» operası yaranır. Bu operada da bəstəkar «Şah İsmayıl» operasında olduğu kimi orijinal musiqi ilə bərabər, həm də xalq musiqi nümunələrindən istifadə etmişdir.
Musiqi dinləyək
Müslüm Maqomayev. «Nərgiz» operası. I pərdədən «Nərgizin ariyası»ndan bir parça
Notla oxuyaq
Müslüm Maqomayev. «Nərgiz» operası. I pərdədən «Qızlar xoru»ndan bir parça
Xorun lirik və rəqsvari melodiyası, həm də onun kuplet quruluşuna malik olması bu musiqi nümunəsini xalq mahnı melodiyalarına yaxın edir.