Görkəmli bəstəkar Cahangir Cahangirov 1921-ci ildə Bakının Balaxanı kəndində, fəhlə ailəsində anadan olub. Musiqiyə böyük maraq göstərən Cahangir Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsinə qəbul olunur və filarmoniyanın mahnı və rəqs ansamblının xor qrupuna, sazçı qızlar ansamblına rəhbərlik edir. Təhsil illəri dövründə onun Nizami Gəncəvinin sözlərinə yazdığı «Gül camalın» romansı, skripka və fortepiano üçün sonatinası, «Arazın o tayında » vokal-simfonik poeması, «Skripka və simfonik orkestr üçün konsert» və digər əsərləri yaranır. Konservatoriyanı 1951-ci ildə bitirir. O, 1954-cü ildən ömrünün sonuna kimi konservatoriyanın xor kafedrasına rəhbərlik edir. 1957-ci ildə bəstəkar yazıçı Mirzə İbrahimovun «Gələcək gün» romanı əsasında «Azad» operasını, 1959-cu ildə «Füzuli» kantatasını yazır və bu əsər Məhəmməd Füzulinin 400 illiyi münasibətilə keçirilən müsabiqədə birinci yeri tutur. Bu illərdə bəstəkar mahnılar və müxtəlif janrlı musiqi əsərləri yazır. 1979-cu ildə bəstəkarın «Xanəndənin taleyi» operası Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında tamaşaya qoyulur. Onun bütün əsərləri Azərbaycan muğamlarına, xalq mahnı və rəqslərinə əsaslanır. Cahangir Cahangirov 1992-ci ildə Bakıda vəfat etmişdir.
Musiqi dinləyək
C.Cahangirov. «Skripka və simfonik orkestr üçün konsert»in III hissəsindən bir parça
C.Cahangirov bu əsərdə «Bu gün ayın üçüdür» adlı Azərbaycan xalq mahnısının melodiyasından istifadə etmişdir. Bu əsəri ilk dəfə skripkada Azərbaycanın Xalq artisti Azad Əliyev ifa etmişdir.