Qarabağ adlanan üzüyün zümrüd qaşı hesab edilən Şuşa şəhərində 1897-ci ildə gələcəkdə vokal sənətimizin tacı olacaq bir uşaq dünyaya göz açır. Atası Məşədi Rza dünyaya gələn körpəsinə Murtuza adını qoyur. Kiçik yaşlarından qədim Şuşanın təkrarolunmaz təbiəti, meşələri, soyuq bulaqları ilə bərabər, o dövrün görkəmli xanəndələrinin məlahətli ifaları Murtuzam valeh edir. Bəzən təbiətin qoynunda eşitdiyi mahnıları gizlicə zümzümə edən kiçik Murtuza, sonradan el məclislərində oxumağa başlayır. Onu eşidənlər Murtuza Məmmədovu «Bülbül» deyə çağırmağa başlayırlar. 18 yaşında Bülbül konsertdə iştirak etmək üçün Tiflis şəhərinə dəvət alır və bununla da Zaqafqaziyada məşhur bir müğənni kimi tanınır.
1920-ci ildə Bakı şəhərində Konservatoriya yaradılır və burada Bülbül 1921-1927-ci illər ərzində vokal sənətinin sirlərinə yiyələnir.
1927-ci ildə Bülbül ixtisasını artırmaq üçün Milan şəhərinə gedir. La-Skala Teatrı onun sənətinin inkişafına böyük təsir göstərir. 1931-ci ildə Bakıya qayıdan Bülbül Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti və Azərbaycan konservatoriyasında pedaqoq kimi fəaliyyətə başlayır. 1934-cü ildə Reynqold Qliyerin «Şahsənəm» operasında Aşıq Qərib, 1935-ci ildə Müslüm Maqomayevin «Nərgiz» operasında Əlyar, Cakomo Puççininin «Toska» operasında Kavaradossi, nəhayət, 1937-ci ildə Üzeyir Hacıbəylinin «Koroğlu» operasında Koroğlunun partiyasını böyük müvəffəqiyyətlə oxuyur.
1938-ci ildə Moskvada Azərbaycan İncəsənəti ongünlüyündə «Koroğlu » operasında və «Arşın mal alan» operettasındakı müvəffəqiyyətli çıxışına görə o, keçmiş Sovet İttifaqında SSRİ Xalq artisti adına layiq görülən ilk sənətkar olur.
1950-ci ildə Bülbül Dövlət mükafatına layiq görülür.
Musiqi dinləyək
«Mən aşiq» Azərbaycan xalq mahnısı. İfa edir Bülbül