4.5. İstilik mühərrikləri və ətraf mühitin mühafizəsi
Arif atası ilə avtomobil salonunda gəzməkdə davam edirdi. Gördülər ki, eyni avtomobilin biri 9000 manat, digəri isə 9500 manatdır. Satıcıdan bu qiymət fərqinin səbəbini soruşduqda məlum oldu ki, birinci avtomobildə katalitik neytralizator (işlənən yanacaq tullantısını təmizləyən qurğu) yoxdur. Ata yenə Arifdən soruşdu: “Sən hansını alardın?” “Mən ucuzunu alardım”, - deyə Arif cavab verdi.
- Siz hansı avtomobili alardınız: ucuzunu, yoxsa bahalısını? Nə üçün?
- İstilik mühərrikləri hansı ekoloji problemlər yaradır? Bu problemləri aradan qaldırmaq üçün nə təklif edərdiniz?
ARAŞDIRMA-1
- Hansı mühərrik ətraf mühiti daha çox çirkləndirir?
Şəkildə dizel və karbürator mühərrikli avtomobillər təsvir olunmuşdur. Bu mühərriklərin xaricetmə borusundan atmosferə atılan yanma məhsullarının miqdarını diqqətlə araşdırın.
Nəticəni müzakirə edin:
- Hansı mühərrik ətraf mühiti daha çox çirkləndirir: dizel mühərriki, yoxsa karbüratorlu mühərrik?