5.1. Cisimlərin elektriklənməsi.
Elektrik yükü
Quru və təmiz saçınızı daradıqdan sonra darağı doğranmış kağız qırıntılarına yaxınlaşdırın. Bu zaman
qırıntıların darağa cəzb olunduğunu müşahidə edirsiniz. Qələmi saçınıza sürtüb nazik su şırnağına və
ya şam alovuna yaxınlaşdırdıqda şırnağın və ya alovun qələmə doğru meyil etdiyi müşahidə olunur.
- Niyə saçınıza sürtdüyünüz daraq kağız qırıntılarını özünə cəzb edir?
- Su şırnağının və ya şam alovunun saça sürtülən qələmə doğru meyil etməsinin səbəbi nədir?
ARAŞDIRMA-1
- Sürtünmədən cisimlər hansı yeni xassə kəsb etdi?
Təchizat: plastmas ştativ, ucuna rezin tıxac geydirilən metal mil, sapa bağlanmış
alüminium folqadan hazırlanan kiçik silindr (alüminium giliz), şüşə çubuq, yun parça,
sancaq.
İşin gedişi:
- Metal mili ştativə bərkidin. Sapın sərbəst ucunu rezin tıxaca batırılan sancağa bağlayın
(a).
- Şüşə çubuğu və yun parçanı növbə ilə sapdan asılan alüminium gilizə yaxınlaşdırın və nə baş
verdiyini izləyin.
- Şüşə çubuğu yun parçaya sürtüb əvvəlcə çubuğu, sonra isə parçanı növbə ilə sapdan asılan gilizə
yaxınlaşdırın və baş verən hadisəni izləyin (b və c).
Nəticəni müzakirə edin:
- Təcrübənin əvvəlində şüşə çubuğu və yun parçanı sapdan asılan gilizə yaxınlaşdırdıqda nə müşahidə
etdiniz?
- Şüşə çubuğu yun parçaya sürtüb sapdan asılan gilizə təkrar yaxınlaşdırdıqda cisimlərdə hansı yeni
xassə müşahidə etdiniz?
İnsanlar belə hadisələri çox-çox qədimlərdən aşkar etmişlər.