5.6. Elektrik yükünün saxlanması qanunu
Apardığınız araşdırmalardan müəyyən etdiniz ki, iki cismi bir-birinə sürtdükdə
hər ikisi elektriklənir.
- Elektriklənmiş bu cisimlərin elektrik yükləri arasında hansı münasibət var?
- Elektriklənmiş bir cismi digər elektriklənmiş cismə toxundurduqda ümumi elektrik
yükü necə dəyişir?
ARAŞDIRMA-1
Təchizat: metal sferalı elektrometr, ebonit çubuq, yun (və ya ipək) parça.
İşin gedişi:
-
Ebonit çubuğu yun parçaya sürtüb elektrikləndirin və elektrometrin sferasına toxundurub
uzaqlaşdırın. Elektrometrin əqrəbinin meyil etməsinə diqqət yetirin (a).
-
Ebonit çubuğu bir daha yun parçaya sürtüb elektrikləndirin və yenə də elektrometrin
sferasına toxundurun. Elektrometr əqrəbinin meyiletmə bucağının necə
dəyişdiyini müşahidə edin (b).
Nəticəni müzakirə edin:
- Elektriklənmiş ebonit çubuğu metal sferaya ikinci dəfə toxundurduqda elektrometrin
ümumi elektrik yükü necə dəyişdi?
- Araşdırmadan elektrik yükünün hansı xassəsini aşkar etdiniz?
Elektrik yükünü bir cisimdən digərinə ötürmək, cisimdəki elektrik yükünü
artırmaq, azaltmaq və ya neytrallaşdırmaq mümkündür. Bunun üçün elektriklənmiş
cismi digər cismə toxundurmaq kifayətdir.
-
Elektrik yükləri cisimlər arasında
hansı qanunauyğunluqla paylanır?
ARAŞDIRMA-2
- Elektrik yüklərinin paylanma qanunauyğunluğu
Təchizat: dielektrik ştativdən asılan alüminium giliz (2 əd.),ebonit və şüşə çubuq,
yun və ipək parça.
İşin gedişi:
-
Eyni alüminium gilizləri əksişarəli yüklə elektrikləndirin. Ştativləri yaxınlaşdırıb gilizlərin
bir-birinə toxunmasına şərait yaradın (c).
-
Toxunduqdan sonra iki hadisədən biri baş verir: ya gilizlər arasında qarşılıqlı cəzbetmə
tamamilə itir - onlar neytrallaşır (d), yaxud da gilizlər bir-birindən itələnir
(e).