5.10. Elektrik sahəsinin qüvvə xətləri
- Elektrik sahəsinin mənzərəsini müşahidə etmək mümkündürmü?
- Müxtəlif adlı nöqtəvi yüklərin elektrik sahələrinin mənzərəsi bir-birindən nə ilə fərqlənir?
ARAŞDIRMA-1
- Elektrik sahəsinin qüvvə xətlərinin mənzərəsi
Təchizat: dielektrik dəstəkli metal kürəcik (2 əd.), elektrofor maşını, şüşə lövhə,
manna yarması.
İşin gedişi:
- Kürəcikdən birini elektrofor maşını ilə elektrikləndirib şüşə lövhə altında yerləşdirin.
- Şüşənin üzərinə manna yarması səpin və şüşəni qələmlə azca döyəcləyin. Manna yarmasının şüşə
səthində yaratdığı mənzərənin şəklini mobil telefonla çəkin (a).
- Təcrübəni iki kürəciyi, əvvəlcə eyniadlı, sonra isə əksişarəli yüklərlə elektrikləndirməklə
təkrarlayın. Hər iki halda müşahidə etdiyiniz mənzərənin fotoşəklini çəkin (b və
c).
Nəticəni müzakirə edin:
- Təcrübədə nəyin mənzərəsini aldınız?
- Sonuncu iki mənzərədə (b və c) kürəciklərin yükünün işarəsi haqqında nə deyə
bilərsiniz?
- Mənzərələrin müqayisəsindən elektrik sahəsinin qüvvə xətlərinin istiqamətinə dair hansı nəticəyə
gəlmək olar?
Elektrik sahəsi haqqında əyani təsəvvürü qüvvə xətləri vasitəsilə almaq mümkündür. Sahənin
qüvvə xətləri ilə təsvir edilməsini ingilis fiziki Maykl Faradey təklif etmişdir.
-
Elektrik sahəsinin qüvvə xətləri elə xətlərə deyilir ki, onların hər bir nöqtəsinə çəkilən
toxunan həmin nöqtədə E intensivlik vektorunun istiqaməti ilə üst-üstə düşsün.
Müxtəlif işarəli elektrik yükü ilə yüklənmiş iki cismin yaratdığı elektrik sahəsinin hər hansı
nöqtəsində intensivlik vektoru həmin nöqtədə sahənin qüvvə xəttinə çəkilən toxunan istiqamətdə yönəlir
(d).
Qeyd.
Qüvvə xətləri şərti qəbul edilən məfhumdur. Bu xətlər yalnız elektrik
sahəsinin fəzada paylanması mənzərəsini təsəvvür etməyə imkan verir.
Müxtəlif yüklərin yaratdığı sahələrin qüvvə xətlərinin mənzərəsində müəyyən qanunauyğunluqlar var: