Təchizat: cərəyan mənbəyi (batareya və düzləndirici), açar, patrona bağlanmış lampa,
birləşdirici naqillər, ampermetr, yapışqanlı lent.
İşin gedişi:
Batareya, lampa, ampermetr və açardan ibarət elektrik dövrəsi yığın (a).
Dövrəni qapayın və lampanın işıqlanmasını və ampermetrin göstəricisinə diqqət yetirin (b).
Məlumdur ki, metal naqillərdə elektrik cərəyanı sərbəst elektronların nizamlı hərəkətidir. Elektronlar dövrənin xarici hissəsində cərəyan mənbəyinin mənfi qütbündən müsbət qütbünə doğru hərəkət etməklə metaldakı kristal qəfəsin atom və ionları ilə qarşılıqlı təsirə məruz qalır. Nəticədə elektronların malik olduqları kinetik enerjinin bir hissəsi naqilin daxili enerjisinə çevrilir və naqil qızır. Elektrik dövrəsində sərbəst elektronların nizamlı hərəkət sürətlərini saxlamaq və onların itirdikləri kinetik enerjini bərpa etmək üçün iş görülməlidir. Bu işi xarici elektrik dövrəsindəki elektrik sahəsi - elektrik qüvvələri görür.