4.1. İstilik mühərriki.
İstilik mühərrikinin faydalı iş əmsalı
- Nəqliyyat növləri üçün ümumi olan nədir?
- Bu nəqliyyat növlərində mexaniki hərəkət hansı enerjinin hesabına əldə olunur?
ARAŞDIRMA-1
Təchizat: sınaq şüşəsi, spirt lampası, tutqacı olan ştativ, mantar tıxac, su (40–50
ml).
İşin gedişi:
- Sınaq şüşəsinə su töküb ağzını tıxacla kip qapayın.
- Sınaq şüşəsini təsvirdəki kimi ştativə bərkidib spirt
lampasının alovunda qızdırın. Su qaynadıqdan
sonra baş verən hadisəni izləyin.
Nəticəni müzakirə edin:
- Sınaq şüşəsindəki su qaynadıqdan sonra nə müşahidə
etdiniz?
- Eksperimentdə hansı enerji çevrilmələri baş verdi:
spirt alovunun sınaq şüşəsindəki suya verdiyi istilik
miqdarı nəyə sərf olundu?
XVIII əsrin əvvəllərində müxtəlif növ yanacaqların daxili enerjisi hesabına
mexaniki iş görən istilik mühərriklərinin yaradılması nəticəsində dünyada
elmi-texniki inqilab baş verdi. Daxiliyanma mühərriki (karbüratorlu və dizel),
buxar və qaz turbinləri, reaktiv mühərrik istilik mühərriklərinin müxtəlif növləridir.