Uzaq yolumuzu yaxınlaşdıran, ağır yükümüzü daşıyan avtomobillərin, demək olar, hamısını hərəkətə gətirən – daxiliyanma mühərrikləridir.
İlk porşenli daxiliyanma mühərrikini 1860-cı ildə fransız mühəndisi Etyen
Lenuar (1822–1900) ixtira etmişdir. Hazırda daxiliyanma mühərrikinin iki
növü mövcuddur: karbüratorlu mühərrik (1876-cı ildə alman
mühəndisi Otto
Nikolaus (1832–1891) ixtira etmişdir) və dizel mühərriki (1897-ci ildə alman
mühəndisi Rudolf Dizel (1858–1913) ixtira etmişdir).
Karbüratorlu mühərrikdə yanacaq qarışığı (benzinin hava ilə qarışığı) mühərrikdən
kənarda yerləşən karbürator adlanan xüsusi qurğuda hazırlanır və
oradan mühərrikin silindrinə daxil olur. Dizel mühərrikində isə yanacaq qarışığı
birbaşa mühərrikin özündə hazırlanır.
Daxiliyanma mühərrikinin özündən əvvəlki istilik mühərriklərindən başlıca
üstünlüyü – nisbətən kiçik ölçü və kütləyə malik olmaqla böyük dartı qüvvəsi
yaratmasıdır. Bu səbəbdən o artıq 130 ilə yaxındır ki, nəqliyyat vasitələrində
(avtomobil, traktor, teplovoz), aviasiyada və gəmiçilikdə (dizel-teploxod,
kater
və s.) geniş tətbiq olunur.
Karbüratorlu daxiliyanma mühərriki aşağıdakı hissələrdən ibarətdir (a). Yanacaq qarışığı mühərrikin 1 silindrində yanır. Silindrdəki 2 porşeni 3 sürgü qoluna birləşdirilmişdir. Porşenin irəliləmə hərəkəti sürgü qoluna geydirilən 4 çarx qolu vasitəsilə 5 dirsəkli vala fırlanma hərəkəti verir. Vala isə metaldan hazırlanmış nazimçarx bərkidilir (bax: şək. b). Porşen yuxarı hərəkət etdikdə o, silindrin qapağına çatmır. Ona görə də silindrin qapağı ilə porşen arasında həmişə boş fəza - 6 yanma kamerası olur. Silindrin qapağı 7 (daxilolma) və 8 (xaricetmə) klapanları ilə təchiz edilmiş iki kanalla əlaqələndirilmişdir.