"Dərs ili başa çatdı. 7-ci sinfi bitirdik. Sinif rəhbərimiz Qubaya gəzinti təşkil etdi. Yola düşdük və rayonun gözəl guşələrindən olan "Qəçrəş" bulağına gəldik. Bulağın bumbuz suyundan içdik. Su ağzımızı dondurdu. Dəstələrə ayrılıb yaşıl çəmənliyi gəzməyə başladıq. Al-əlvan çiçəklər və onların məstedici ətri ruhumuzu oxşayırdı. Rəngbərəng güllərdən çələng toxuya-toxuya avtobusdan xeyli uzaqlaşmışdıq. Müəllimimizin bizi səslədiyini eşidib geri qayıtdıq. Gəzintimizin növbəti dayanacağı "Asma körpü" idi. Asma körpü ilə hərəkət etmək bizim üçün o qədər də asan olmadı. Lakin buna baxmayaraq, bu körpü ilə çayın sağ sahilinə keçməyi bacardıq".
Mətndə hansı duyğu orqanlarının fəaliyyətinin göstərildiyini müəyyənləşdirin və nəticələri müqayisə edin.
Orqanizmin xarici mühitlə əlaqəsi bilavasitə duyğu orqanları vasitəsilə həyata keçirilir. Duyğu orqanları - göz, qulaq, dil, burun, dəri ətraf mühitdən müxtəlif qıcıqları qəbul edir. Bu orqanlarımızın köməyi ilə ətrafla əlaqə yaradırıq. Bizi əhatə edən əşyaların formasını, rəngini, qoxusunu, dadını, isti, soyuq, bərk və yumşaq olmasını ayırd etmək üçün duyğu orqanlarımız köməyimizə gəlir. Xarici mühit qıcıqlarının təsiri ilə bu orqanların reseptorlarında oyanmalar baş verir. Duyğu sinirləri vasitəsilə oyanmalar mərkəzi sinir sisteminə aparılır. Bu qıcıqlar beyin yarımkürələrindəki qabığın müvafiq nahiyəsində ayırd edilir.