"Dünyaya açılan pəncərəmiz" adlı orqanımız haqqında bir çox şeirlər yazılır,
mahnılar
bəstələnir, atalar sözləri söylənilir.
Gəlin görək, bu hansı orqandır, onun quruluşu necədir? Necə olur ki, biz əşyaları görə bilirik? Bu
orqanı qorumaq üçün nələr etməliyik?
Görmə orqanının əhəmiyyəti
Ləvazimat: 10 ədəd müxtəlif böyüklükdə cisim, karton qutu, saniyəölçən, kağız, qələm, dəsmal.
İşin gedişi.
Sinifdə könüllü olaraq 2 nəfər seçin. Əşyaları görməsin deyə onlardan birinin gözünü bağlayın.
Sinfə gətirilmiş müxtəlif böyüklükdə cisimləri qutuya yığın, stolun üstünə qoyun.
Gözü bağlanmış şagirdə qutudakı əşyaları kiçikdən böyüyə düzməsini tapşırın. Tapşırığın icra vaxtını
saniyəölçənlə ölçün və qeyd edin.
Sonra həmin tapşırıq gözü açıq olan şagird tərəfindən həyata keçirilsin. Yenə də tapşırığın icra
vaxtını saniyəölçənlə ölçün və qeyd edin.
Nəticəni müzakirəyə qoyun.
Görmə insan üçün çox mühüm bir duyğudur. Ətrafımızdakı əşyaları vaxtında görür və təhlükədən qorunuruq. Əmək fəaliyyəti göstərməyimiz üçün görmə hissi çox vacibdir. Ətraf mühitin gözəllikləri görmə orqanımızla qəbul edilir.
İnsan gözü köməkçi aparat və göz almasından ibarətdir. Gözün köməkçi aparatı gözün qorunmasına xidmət edir. Buraya qaşlar, kirpiklər, göz yaşı vəziləri, göz qapaqları, göz almasını göz yuvasına birləşdirən əzələlər aiddir. Bu hissələrin hər birinin nə kimi funksiyası olduğunu müzakirə edin.