5. QOXU VƏ DAD ORQANLARIMIZ
Heç düşünmüsünüzmü, qəbul etdiyimiz qidaların keyfiyyətsiz və ya yeməli, dadlı, dadsız, duzsuz, şor,
pis, yaxud xoş ətirli olmasını ayırd etməkdə bizə hansı duyğu orqanlarımız kömək edir?
Qoxu və dad orqanlarının funksiyaları arasında nə kimi əlaqə var?
Praktik iş: Qoxu və dad orqanları arasında əlaqə
Ləvazimat: Gözləri bağlamaq üçün 4 ədəd dəsmal, 4 ədəd boşqab, alma, armud, turp,
kartof.
İşin gedişi.
Beş nəfərlik bir qrup təşkil edin. Qrup üzvlərindən dördünün gözlərini bağlayın. Bunlardan iki nəfəri
burnunu əllə tutsun.
Gözü açıq qalan qrup üzvü boşqabda qoyulmuş ərzaqlardan kiçik parçalar kəsərək gözü bağlı olanlara
yedizdirsin. Qida məhsullarının adlarını və hansını çiy halda yeməli olmadığını soruşsun.
Qida məhsullarını kim yaxşı tanıdı? Burnu bağlı, yoxsa açıq olanlar? Səbəbini izah edin.
Qoxu və dad orqanları bir-biri ilə sıx əlaqədardır. Qida ağız boşluğuna daxil olarkən qoxusu
burun-udlaqdan burun boşluğuna keçərək oradakı reseptorları qıcıqlandırır və bu zaman biz qidanın həm
dadını, həm də qoxusunu duyuruq. Qrip xəstəliyi zamanı burun-udlaq seliklə dolu olduğundan qidanın
dadını yaxşı hiss edə bilmirik. Qoxu və dad duyğuları beyində bir-biri ilə əlaqəli ayırd olunur.