"Biologiya" və "Həyat bilgisi" fənlərindən təbiətdəki bir çox canlıların sayının azaldığını, hətta çoxlu bitki və heyvan növlərinin nəslinin kəsildiyini bilirsiniz.
Dünyada əhalinin sürətlə artması, plansız surətdə şəhərlərə axını, yaşıllıqların azalması, dərman və gübrələrdən çox istifadə, yerdəyişmələr və s. ətraf mühiti çirkləndirir, təbii sərvətlərimizə hədsiz ziyan vurur. Torpağın, havanın, suyun çirklənməsi o səviyyəyə çatır ki, onlar faydalı yox, zərərli olmağa başlayır.
Ölkəmizdə də əkin üçün yararlı torpaqlar getdikcə azalmaqdadır. Kimya sənayesinin qalıqları da daxil olmaqla, ətraf mühitə atılan zərərli tullantılar torpaqlarımızı yararsız vəziyyətə salır. Bunun nəticəsində də dövlətə və əhaliyə xeyir verə biləcək əkin sahələri sıradan çıxır.
Elm və texnologiyanın sürətli inkişafı da ətraf mühitin kəskin şəkildə dəyişməsində əhəmiyyətli rol oynayır. Təbii sərvətlərin, enerji qaynaqlarının insan tərəfindən istifadəsi bəşəriyyətə fayda vermək məqsədi daşısa da, hal-hazırda bir sıra təbiət qanunauyğunluqlarını pozduğu üçün əks-təsir verir.
Şəkillərə baxın və insanın təbiətə necə təsir etməsi haqqında nəticə çıxarın. Gördüyünüz dəyişiklik haqqında fikirlərinizi bölüşün?
İnsanın yaratdığı problemlər həllini tapmasa, canlıların həyatı təhlükə qarşısında qala bilər.
İnsanlar olmasa, digər canlılar yaşaya bilər, ancaq əhatə olunduğu çevrə əlverişli olmasa, insan yaşaya bilməz. Ona görə də ayrı-ayrı fərdlərlə yanaşı, böyük dövlətlər və təşkilatlar ətraf mühitin qorunması probleminin həlli yollarını axtarır, eyni zamanda onların həyata keçirilməsi üçün vaxtında tədbir görür.