Oynayan uşaqların səsi canlılara müxtəlif cür təsir edir.
Sizcə, bu hansı orqanlar sisteminin fərqli xüsusiyyətlərini göstərir?
Şəkillərə əsasən müxtəlif canlılarda baş beyinin ən çox inkişaf edən hissəsini müəyyən edin. Bu hissənin məməlilərdə, xüsusən insanda daha çox inkişaf etməsinin səbəbini aydınlaşdırın.
Birhüceyrəli heyvanlarda qıcıqlanma qabiliyyətinin olduğu sizə bəllidir. Suya salınmış duz kristallarından uzaqlaşma, temperatur dəyişməsinə qarşı göstərilən reaksiya və s. bu heyvanların qıcıqlanma qabiliyyətinə malik olduğunu göstərir.
İbtidai çoxhüceyrəli heyvanlardan bağırsaqboşluqlularda sinir hüceyrələri sadə quruluşa malikdir. Onlar ulduzşəkillidir, bir-biri ilə öz çıxıntıları vasitəsilə birləşir və torşəkilli (diffuz) sinir sistemini əmələ gətirir. Yastı və sap qurdlarda sütunvari sinir sistemi mövcuddur.