Məktəbdən gəlmisən. Anan sənin üçün çox gözəl süfrə açıb. Vanna otağına keçib yuyunur və süfrə arxasında əyləşirsən. İştaha ilə yeməyə başlayırsan. Telefona zəng gəlir. Fiziki tərbiyə müəllimi sənin idman yarışlarının seçim turundan keçmədiyini söyləyir.
Bu zaman orqanizmində hansı dəyişikliklər baş verə bilər?
Bu dəyişikliklərin baş verməsində sinir sisteminin mərkəzi hissəsindən başqa, daha hansı
hissələri iştirak edir?
Ətraf mühitdən qıcığın qəbulunda periferik sinir sisteminin nə kimi rolu var?
Orqanizmin hər hansı bir nahiyəsinə xaricdən təsir olan kimi müxtəlif reflekslər baş verir. Reflekslər orqanizmdə fərqli reaksiyalar əmələ gətirir. Həmin reflekslərdə mərkəzi və periferik sinir sistemi iştirak edir. Periferik sinir sistemi mərkəzi sinir sistemindən kənarda yerləşən sinirlərdən və sinir düyünlərindən təşkil olunmuşdur. Sinirlər neyronların mərkəzi sinir sistemindən kənarda yerləşən uzun çıxıntılarından ibarət liflərdir.