5. ENDOKRİN SİSTEMİMİZ
İşdən evə dönən ata Kamalın çoxdandır arzuladığı velosipedlə həyətə daxil olur. Bunu görən Kamalın
orqanizmində nə kimi dəyişikliklər baş verəcək? Sizcə, bu dəyişikliklər nə ilə əlaqədar ola bilər? Bu
cür halların başvermə səbəbini hansı elm öyrənir?
Qorxu hissi keçirən insanda baş verən dəyişikliklər haqqında fikirlərinizi sinif yoldaşlarınızla
müzakirə edin.
Orqanizmdə gedən həyati proseslərin tənzimlənməsində sinir sistemi ilə yanaşı, hormonal (endokrin)
sistemin rolunun olduğu da məlumdur. Orqanizmdə müxtəlif sekresiya vəziləri vardır. Onlar ifraz olduğu
yerə görə üç qrupa bölünür:
-
daxili sekresiya vəziləri - axacaqları yoxdur, ifraz etdikləri bioloji fəal maddələr (hormonlar)
birbaşa qana keçir
-
xarici sekresiya vəziləri - ifrazat məhsulları axacaqlarla boşluqlara və ya xaricə ifraz olunur.
-
qarışıq vəzilər - həm daxili, həm də xarici sekresiya vəzisi kimi fəaliyyət göstərir.