Şəkildəki adamlarda bu cür kəskin boy fərqinin səbəbi nədir?
Bəzi şəkərli diabet xəstələrinin insulin hormonu qəbul etməsinin səbəbini izah edin.
İnsulin çatışmadıqda insan orqanizmində hansı dəyişikliklər baş verir və bununla əlaqədar hansı
xəstəliklər yaranır? Müzakirə edin.
Daxili sekresiya vəzilərinin sinir sistemi ilə birlikdə orqanizmin işini nizamladığını artıq bilirsiniz. Bu orqanlarda baş verən dəyişikliklər müxtəlif xəstəliklərə səbəb olur. Mədəaltı vəzi yetərincə insulin hormonu ifraz etmədikdə insan qanında şəkərin miqdarı normaya düşmür və o, şəkərli diabet xəstəsi olur. Qalxanabənzər vəzinin hormonu artıq ifraz edildikdə Bazedov xəstəliyi baş verir. Bu zaman maddələr mübadiləsi sürətlənir, göz bəbəkləri böyüyür, xəstə çox yeyir, ancaq arıqlayır, sinir sisteminin oyanıqlığı artır. Böyüklərdə hormon az ifraz olunduqda isə miksedema xəstəliyi yaranır. Bu zaman Bazedov xəstəliyinin əksi olan proseslər baş verir. Uşaqlarda hormonun az ifraz edilməsi kretinizm xəstəliyinə səbəb olur. Belə xəstələrdə boy artımı ləngiyir, bədən mütənasibliyi pozulur, ağıl kəmliyi yaranır. Uşaqlarda hipofiz vəzinin hormonu artıq ifraz olunduqda nəhəng boyluluq, az ifraz olunduqda isə cırtdan boyluluq müşahidə olunur.