Aşağıdakı xəstəlikləri necə qruplaşdıra bilərsiniz?
Düzgün qidalanmama, hərəkətsizlik, zərərli vərdişlərə aludəçilik, gigiyenik qaydalara əməl olunmaması əhali arasında bir çox xəstəliklərin artmasına səbəb olur. Bu xəstəliklər içərisində qan xəstəlikləri və qanla yoluxan xəstəliklər xüsusi yer tutur.
Qan xəstəlikləri
Anemiya
Qan azlığı xəstəliyidir. Bu xəstəliyə, əsasən, qanda eritrositlərin və ya onun tərkibində hemoqlobinin azlığı səbəb olur.
Talassemiya
Bu xəstəlik təqribən 7 min il bundan əvvəl məlum olmuşdur. İrsən keçir. Talassemiya hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığıdır. Bu zülal qırmızı qan hüceyrəsində tapılıb. Oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir. Hemoqlobin çatışmadığı üçün orqanizmdə eritrositlərin funksiyası pozulur və xəstəlik baş verir. Bəzi uşaqlarda bu xəstəlik 3-4 aylığında özünü büruzə verməyə başlayır. Belə xəstələrin qaraciyər və dalağı şişir, rəngləri ağarır. Respublikamızda bu xəstəlik geniş yayılmışdır. Hər 100 nəfərdən 10-u xəstəlik daşıyıcısıdır. Qarşısının alınmasının əsas yolu qohum nikahlarına yol verməməkdir.
Leykoz
Bəzən buna qan xərçəngi də deyilir. Xəstəliyin əsas səbəbi qırmızı sümük iliyinin daha çox ağ qan hüceyrələri (leykositlər) yaratmasıdır. Bu hüceyrələrin çoxalması, eritrositlərin azalması o dərəcəyə çatır ki, qanın rəngi dəyişir. XX əsrin 80-ci illərinə qədər xəstəlik sağalmaz hesab olunurdu. Hal-hazırda isə vaxtında aşkarlanarsa, sağalma ehtimalı 80 %-ə yaxındır.
Hemofiliya
İrsi qan xəstəliklərindən biridir. Belə xəstələrdə qanın laxtalanma qabiliyyəti çox zəif olur. Xəstələr, əsasən, kişilərdir. Qadınlar, adətən, xəstəliyin daşıyıcıları olurlar.
Qanla yoluxan xəstəliklər:
Bu xəstəliklər içərisində virusların törətdiyi hepatitlər və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) ən təhlükəlilərdəndir.
Hepatitlər zamanı qaraciyər zədələnir və sarılıq baş verir.