Yuxarıdakı xəstəlikləri törədən viruslar və bakteriyalardır. Onlar insan bədəninə asanlıqla daxil ola bilir. Ancaq orqanizm buna qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir.
Dəri, gözyaşı, tər, ağız suyu, selik virus və bakteriyaların bir qismini zərərsizləşdirib orqanizmdən kənarlaşdıra bilir. Bunlar orqanizmin sədləridir. Qanda olan leykositlərin də yad cisimləri məhv etdiyini bilirsiniz. Bütün bunlar orqanizmin müdafiə sistemini əmələ gətirir. Bu sistemin yaranmasında ana südünün çox böyük əhəmiyyəti var. Ona görə də körpənin ana südü ilə bəslənməsi vacibdir.
İmmunitet - orqanizmə düşmüş hər hansı bir yad toxumaya, yad cismə qarşı müqavimət reaksiyasının yaranmasıdır.
Yad cisim orqanizmə düşəndə onu həm faqositlər, həm də qanda yaranan zülal mənşəli xüsusi maddələr (antitellər) məhv edir.