"Bakı marafonu 2019" yarışına qoşulan tələbələr qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparmalı
olduqlarını bilirdilər. Onlardan bir neçəsi qaçış zonasının yarısına çatmamış təngnəfəs oldu və
yarışı tərk etdi.
Sizcə, bunun səbəbi nə idi? Ağciyərin həyat tutumu dedikdə nə nəzərdə tutulur? Hərəkətlə
ağciyərlərin həyat tutumu arasında hansı əlaqə var? Ağciyərlərin həyat tutumunu artırmaq üçün nə
etmək lazımdır?
Dörd qrupa bölünün. Hər qrupdan bir nəfər olmaqla eksperiment qrupu təşkil edin. Eksperiment
qrupunun üzvləri dəqiqədə 60 dəfə olmaqla 5 dəqiqə müddətində oturub-dursunlar.
Kim hərəkətləri sona qədər edə bildi? Nə üçün bəzi şagirdlər tez yoruldu?
Nəticələrin müzakirəsini aparın.
Ortayaşlı insanlar sakit nəfəs aldıqda 500 ml (sm3) hava udur. Sakit nəfəs verərkən yenə də həmin miqdarda hava xaric edilir. Buna dəyişən hava və ya tənəffüs havası deyilir. Lakin dərindən nəfəs aldıqda tənəffüs havası ilə bərabər, 1500 ml hava da qəbul olunur ki, buna da əlavə hava deyilir. İnsan dərindən nəfəs alıb nəfəs verdikdə udduğu havadan əlavə 1500 ml hava da xaric olur ki, bu da ehtiyat havadır. Dəyişən, əlavə və ehtiyat havanın cəmi ağciyərin həyat tutumu adlanır.