Həsən uzun illər idi ki, siqaret çəkirdi. Bir gün "Siqaretin orqanizmdə törətdiyi fəsadlar"
mövzusunda təşkil olunmuş diskussiyada iştirak etdi. Diskussiya zamanı ona məlum oldu ki, siqaret
çəkməklə ömrünün bir neçə il qısalmasına, infarkt, bronxit, astma, vərəm, ağciyər xərçəngi kimi
xəstəliklərə tutulma riskinin 2 dəfə artmasına, toxumalara oksigenin az daşınmasına və s. şərait
yaratmışdır.
Evdə çəkdiyi siqaretin tüstüsü fidan körpələrinin tənəffüs orqanlarına da xeyli zərər vurmuşdur.
İllərdir siqaretə xərclədiyi pullarla ailəsinin yaşayış səviyyəsini daha çox yüksəldə bilərdi. Bu
fikirləri beynində götür-qoy edən Həsən həkimlə məsləhətləşib siqaretə "əlvida" deyəcəyinə söz
verdi.
İnsanın tənəffüs sisteminə zərər yetirən daha hansı amillər var? Biz tənəffüs orqanlarımızı qorumaq üçün nə etməliyik?
Fransız alimi Lui Paster bakteriyaların qidalı mühitdə öz-özünə törənməyib, bura hava ilə daxil olduğunu sübut etmək üçün kolbaya qidalı məhlul töküb qaynatmış, sonra kolbanın boğazını odda qızdırmış, çəkərək nazildib əymişdir. Kolba soyuduqda çıxan buxar borunun içərisinə çökmüşdür. Bir neçə gündən sonra kolbanın içərisində qidalı mühitdə heç bir bakteriya tapılmamışdır.
Paster kolbasının quruluşunu tənəffüs orqanları ilə müqayisə edin. Nəticəni dəftərinizə qeyd edib, müzakirə aparın.
Tənəffüs sistemi bizim orqanizmimiz üçün çox vacibdir. Bunun üçün onu qorumalıyıq.
Orqanizmə tənəffüs üzvləri vasitəsilə xəstəliktörədən mikroorqanizmlər keçə bilir. Bu cür zərərli hissəciklərin xeyli hissəsi yuxarı tənəffüs yollarının selikli qişasındakı selik vasitəsilə zərərsizləşdirilir, kirpikli epiteli vasitəsilə tutulur və kənarlaşdırılır. Buna baxmayaraq, xəstəlik törədicilərinin bəziləri çox davamlıdır. Onlar tənəffüs yollarında və ağciyərlərdə xəstəliklər törədir. Siz bu xəstəliklərin bəziləri ilə (qrip, qızılca, suçiçəyi və s.) artıq tanışsınız. Bir neçəsi haqqında da indi məlumat alacaqsınız.