Biri var idi, biri yox idi, bir bala Dovşan var idi. Adı da Bozqulaq idi. Günlərin bir günü qaranquşların səsi onu yuxudan oyatdı.
Bozqulaq burnunu qırışdırdı:
- Quşlara bax. Səs salırlar. Qoymurlar yatım. Axı mən yatmaq istəyirəm.
Anası ona cavab verdi:
- Dur, Dovşan balam. Onlar adi quşlar deyil. Qaranquşlardır. Onlar gəliblərsə, deməli, bahar gəlib.
Bozqulaq qulaqlarına inanmadı:
- Bahar gəlib? Elə bircə gecədə? Onu qaranquşlar gətiriblər?
- Yox, Bozqulağım, bahar qaranquşları gətirib. O gəlib, havalar istiləşib, qaranquşlar da vətənə dönüblər.
Bozqulaq yuvadan bayıra atıldı.
- Ah, çiçəklərə bir bax! Günəş də çıxıb. Hər tərəf yaşıllaşıb...
Elə bu vaxt Şirincə adlı alma ağacı onu səslədi:
- Dost, hara gedirsən?