§ 28. GƏNCƏ NİYƏ YELİZAVETPOL ADLANDI?
19-cu yüzilliyin əvvəlləri idi. Azərbaycanda vahid mərkəzləşmiş dövlət yox idi. Ölkəmiz kiçik dövlətlərə — xanlıqlara parçalanmışdı. Bu vəziyyət ölkənin yadelli hücumlarından müdafiəsini çətinləşdirirdi. Bundan istifadə edən çar Rusiyası Azərbaycan torpaqlarını işğal etməyə çalışırdı. Rusiya qoşunları əvvəlcə qədim Azərbaycan torpaqları olan Qazax, Şəmşəddil, Borçalı, Car-Balakən, Loru və Pəmbək vilayətlərini işğal etdi. Bundan sonra hədəf Gəncə xanlığı oldu. Çünki Gəncə digər Azərbaycan xanlıqlarına gedən yolun başlanğıcı idi. Bu zaman Gəncə xanı Cavad xan idi. O, qəhrəman sərkərdə və müdrik dövlət xadimi idi. Azərbaycan torpaqlarının bütövlüyü və müstəqilliyi üçün çalışırdı.
Rusiya imperiyası güclü orduya malik idi. Belə bir qüvvə ilə təkbaşına vuruşmaq kiçik bir xanlıq üçün olduqca çətin idi. Ölkənin işğalının qarşısını almaq üçün birləşmək lazım idi. Lakin qeyri-bərabər döyüşdə Cavad xan və Gəncə əhalisi güclü düşmənlə müharibədə tək qaldı. Buna baxmayaraq, çar qoşunlarına güclü müqavimət göstərildi. Çar qoşununun başçısının təslim olmaq təklifi rədd edildi. Cavad xan gürcü əsilli rus generalının təslim olmaq təklifinə belə cavab yazdı: «Savaşmaq istəyirsənsə, savaşaq. Hədə-qorxu gəlirsən ki, təklifini qəbul etməsəm, bəlaya düçar olacağam. Əslində, bədbəxtlik səni Peterburqdan* sürükləyib bura gətirib». Gəncəyə qılınc və atəşlə gələn düşmənə müqavimət göstərmək qərara alındı. Cavad xan vətən torpaqlarının azadlığını öz hakimiyyətindən və həyatından üstün tutdu.
*Sankt-Peterburq — Çar Rusiyasının paytaxtı