§ 30. TARİXİ YAZANLAR
Tarixi yazmaq onu yaratmaq qədər çətin və şərəflidir. Tarix olduğu kimi yazılmalıdır. Siz artıq xalqımızın qəhrəmanlıq dolu tarixini yaradan xalq qəhrəmanlarının, hökmdarların, sərkərdələrin fəaliyyətlərini öyrənmisiniz. İndi isə hər səhifəsi şan-şərəf dolu, qürur dolu və ibrət dolu tariximizi yazanları öyrənək.
Abbasqulu ağa Bakıxanov 1794-cü ildə Bakı yaxınlığındakı Xilə (indiki Əmircan) kəndində anadan olmuşdur. O, Bakı xanlarından birinin oğludur. O, gəncliyində mükəmməl təhsil almış, ərəb, fars dillərini, ədəbiyyatı, ilahiyyatı dərindən öyrənmişdi.
Abbasqulu ağa Bakıxanov sonralar Tiflisə gəlir. O vaxt burada Rusiyanın Qafqaz üzrə baş idarəsi yerləşirdi. Abbasqulu ağa burada hərbi qulluğa girir. Rus dilini yaxşı öyrəndikdən sonra Rusiyanın baş komandanının dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi təyin edilir. O, rus ordusunda polkovnik rütbəsinədək yüksəlir. Müsəlman olan bir adamın belə yüksək hərbi rütbəyə çatması o dövrdə son dərəcə çətin iş idi.
Abbasqulu ağa Bakıxanov Türkmənçayda Rusiya və Qacarlar arasında danışıqların, eyni zamanda doğma yurdun bölüşdürülməsinin şahidi olmuşdu. Tiflisdə işlədiyi müddətdə o, bir çox rus, gürcü və digər xalqların yazıçıları ilə dostluq etmişdi. Abbasqulu ağa Bakıxanov rus şairi Aleksandr Sergeyeviç Puşkinin ailəsinin yaxın dostu olmuşdur.
Abbasqulu ağa Bakıxanov görkəmli Azərbaycan tarixçisidir.