§ 32. MİLLİ MƏTBUATIMIZIN BANİSİ
19-cu yüzilliyin ikinci yarısında Azərbaycanın mədəni həyatında canlanma baş verdi. Şimali Azərbaycanda yeni tipli məktəblər açıldı. Milli teatr və mətbuatın əsası qoyuldu. Bu canlanma iqtisadiyyatın inkişafı ilə sıx bağlı idi. Bakı, Nuxa (Şəki), Gəncə, Naxçıvan və başqa şəhərlərdə zavod və fabriklər açılır, əkinçilikdə yeni texnika tətbiq olunurdu. Şəhərlər iqtisadi mərkəzə çevrilir, oxumuş və elmli insanlara tələbat artırdı. Bu canlanmanı görən çar Rusiyası Azərbaycanda mədəniyyətin və təhsilin inkişafının qarşısını almağa çalışırdı. Şimali Azərbaycanda ruslaşdırma siyasəti aparan çar hökuməti yenə də Azərbaycan dilini sıxışdırır, anadilli məktəblərin, mətbuat orqanlarının açılmasına mane olurdu.
Bu maneələr azərbaycanlı ziyalıları narahat edirdi. Onlar xalqın maariflənməsi üçün yollar axtarırdılar. Ziyalılar vətənin azadlığa qovuşmasının əsas yolunu xalqın savadlanmasında, dünyagörüşünün artmasında görürdülər. Belə ziyalılardan biri də Həsən bəy Zərdabi idi. O, dövrünün uzaqgörən, maarifpərvər ziyalısı idi.
Həsən bəy Zərdabda anadan olmuş, ilk təhsilini Tiflis qəza məktəbində almışdı. Ali təhsilini Moskva Universitetində alan Həsən bəy Zərdabi vətənə qayıtdıqdan sonra müəllimlik etməyə başlayır. Təbiət fənnini tədris edən Həsən bəy Zərdabi azad fikirlərinə görə təzyiqlərə məruz qalır. O, işdən çıxmalı olur.
Sonrakı fəaliyyətində Azərbaycanın mədəni həyatında böyük rol oynayan Həsən bəy Zərdabi xalqın maariflənməsi üçün yollar düşünürdü. Rus dilində çap olunan qəzet və jurnalların bu dili bilməyən sadə xalq kütlələrinə heç bir faydası olmadığı üçün Həsən bəy Zərdabi ana dilində mətbuatın yaradılmasına səy göstərirdi.