§ 33. BÖYÜK AZƏRBAYCAN XEYRİYYƏÇİSİ
20-ci yüzilliyin əvvəllərində Bakıda neft hasilatı artdıqca zavod və fabriklərin də sayı artırdı. Bu da şəhərdə əhalinin çoxalmasına səbəb olmuşdu. Şə - hər böyümüşdü. Buradakı 3 kəhriz və su quyuları əhalinin suya olan ehtiyacını ödəmirdi. Küçə və meydanlarda, bazarlarda adicə içməli suyu satırdılar. Su yaxşı təmizlənmədiyindən şəhərdə tez- tez yoluxucu xəstəliklər yayılırdı. Su qıtlığı Bakının əsas problemlərindən biri idi. Həmişə doğma xalqının qayğısını çəkən xeyriyyəçi Hacı Zeynalabdin belə bir vəziyyətlə razılaşa bilmirdi. O, Bakıya su kəməri çəkilməsi məsələsini təklif edənlərdən biri oldu. Bəziləri Bakıya suyun Salyan istiqamətindən — Kürdən gətirilməsini təklif edirdilər. O vaxt Kür çayı hələ çox təmiz idi: zavod və fabriklərin tullantıları ilə zəhərlənməmişdi. Buna baxmayaraq, gələcəyi yaxşı görən H.Z.Tağıyev Kür suyunun Bakıya gətirilməsinə qəti etiraz etdi. O, Bakıya saf bulaq suyu çəkdirmək qərarına gəldi. Bu məqsədlə öz vəsaiti hesabına xarici ölkələrdən Azərbaycana mühəndislər və təcrübəli mütəxəssislər dəvət etdi. Beləliklə, Bakıya Şahdağın ətəklərindən — Şollardan su çəkilməsi qət olundu. O zaman üçün son dərəcə çətin olan bu iş ancaq 1917-ci ilin əvvəllərində başa çatdı və Bakıya Şollar suyu çəkildi.
H.Z.Tağıyev tanınmış neft milyonçusu idi. O, Bakıda anadan olmuşdur. Atası Tağı kişi çox kasıb bir adam idi, İçərişəhərdə çəkməçi işləyirdi. O, Zeynalabdini bənna yanına şagird qoydu.