§ 35. MİRZƏ ƏLƏKBƏR SABİR
«Molla Nəsrəddin» jurnalında Azərbaycanın görkəmli ziyalıları — şairlər, yazıçılar, jurnalistlər çalışmış, məqalələr yazmışlar. Onlardan biri də Mirzə Ələkbər Sabirdir.
Mirzə Ələkbər Sabir Azərbaycanın dahi şairlərindən biridir. O, 1862-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.
...“Molla Nəsrəddin” jurnalı təzəcə nəşrə başlamışdı. Jurnalın redaksiyasına çoxlu məktublar gəlirdi. Bir məktubdakı şeir Cəlil Məmmədquluzadənin çox xoşuna gəldi. Bu, Sabirin “Millət necə tarac olur olsun, nə işim var?!” adlı məşhur şeiri idi. «Molla Nəsrəddin» jurnalında dərc etdirdiyi şeirləri ilə Sabir qüdrətli bir şair kimi oxucuların diqqətini cəlb edirdi. Onun yaradıcılığına olan maraq şeirdən-şeirə artdı. Bu da səbəbsiz deyildi. Axı Sabir ancaq özünü düşünənləri, öz xeyri üçün bütün xalqı, dünyanı belə qurban verməyə hazır olanları öldürücü tənqid atəşinə tuturdu.
M.Ə.Sabir belə düşüncənin xalqımızı geri saldığını, onun inkişafına zərbə vurduğunu söyləyirdi. O, xalqı tarixi hadisələrdən dərs almağa, nəticə çıxarmağa çağırırdı.
Şair «Oxutmuram, əl çəkin!» şeirində də cahili onun özünün dili ilə tənqid edir. Təhsilin, elmin səmərəsini başa düşməyən ata qabiliyyətli, oxumağa çalışan oğlunu məktəbə qoymur ki, dinə ziyandır.
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Gərçi bu bədbəxt özü elmə həvəskardır,
Kəsbi-kəmal etməyə səyi dəxi vardır,
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!