§ 36. Səttar xan
20-ci yüzilliyin əvvəllərində Təbrizdə üsyan qalxmışdı. Xalq konstitusiya* qəbul olunmasını tələb edirdi. Cənubi Azərbaycanın da daxil olduğu Qacarlar dövləti xarici ölkələrdən yarımasılı vəziyyətdə idi. Ölkə ərazisində xarici dövlətlərin qoşunları var idi. Dövlətin təpədən-dırnağa qədər silahlanmış qoşunu Təbrizə yeridi. Təbrizin igidləri — fədailər* 40 minlik şah qoşunu ilə ölüm-dirim mübarizəsinə qalxmışdılar. Bu, xalqın azadlıq mübarizəsi idi. Hər cür silahlara malik olan və çox güclü silahlanmış şah qoşunları əvvəlcə üstünlüyü ələ ala bildilər. Şəhərin hər yerində ağ bayraqlar qaldırılmağa başlanmışdı.
Bircə Təbrizin Əmirəqız məhəlləsində hələ də qızğın döyüşlər gedirdi. Bu döyüşlərə Səttarxan başçılıq edirdi. Üsyançılar silahlı şah qoşunlarına qarşı ölüm-dirim mübarizəsində qəhrəmancasına vuruşur, təslim olmağı ağıllarına belə gətirmirdilər.
Əhali heyrətə gəlmişdi: böyük bir qoşun 50—60 nəfər fədaiyə qarşı hücumda heç bir nəticə əldə edə bilmirdi. Fədailər nəinki özlərini müdafiə edə bildilər, hətta Səttarxanın başçılıq etdiyi kiçik dəstə başqa bir qəhrəmanlıq da göstərdi: onlar Əmirəqız məhəlləsindən başlayaraq şəhərin mərkəzinə qədər bütün küçələrdə damların və darvazaların üzərindən asılmış ağ bayraqları güllə ilə vurub saldılar. Bu gözlənilməz hadisədən əhali həm heyrətə gəldi, həm də ruhlandı. Səttarxanın dəstəsinin vurub saldığı ağ bayraqlar əvəzinə, qırmızı bayraqlar qaldırıldı. Qırmızı bayraqları görüb ruhlanmış adamlar meydana toplaşdılar. Şah qoşunlarını şəhərdən qovub çıxarmaq qərara alındı. Bu vuruşmalarda göstərdikləri
göstərdikləri igidlikləri ilə seçilən Səttar xan, Bağır xan və başqaları üsyanın rəhbərləri oldular. Səttar xanı “Sərdari milli” (millətin başçısı), Bağır xanı isə “Salari milli” (millətin sərkərdəsi) adlandırmağa başladılar.
*Konstitusiya — əsas qanun
*Fədai — özünü qurban verən, fəda edən