AZƏRBAYCAN ƏN YENİ DÖVRDƏ
§ 37. Sultan bəy Sultanov
20-ci əsrin əvvəlləri xalqımızın tarixində Azadlıq hərəkatının güclənməsi ilə əlamətdardır. Bunun qarşısını almaq istəyən çar Rusiyası vaxtı ilə bura köçürdüyü ermənilərdən istifadə etdi.
Ermənilər öz havadarlarının dəstəyi ilə vətənimizin müxtəlif bölgələrində dəhşətli qırğınlar törətdilər.
İrəvan, Naxçıvan, Zəngəzur, Göyçə ərazilərində baş vermiş qırğınlarda yüzlərlə, minlərlə azərbaycanlı işgəncələrə məruz qaldı, öldürüldü. Bu hadisələrin başında Andronik adlı erməni cəlladı dururdu. O, Anadoluda (indiki Türkiyə) və Azərbaycanda dinc əhaliyə qarşı qırğınlar törətmişdi.
Erməni millətçilərinin və onların terrorçu* qruplarının məkrli siyasətinin başında duran Andranik tez bir zamanda quldur dəstəsi toplamışdı. O, mənfur erməni siyasətinin digər rəhbərlərindən gələn tapşırıqları həyata keçirməyə başlamışdı.Andranikin dəstələri Zəngəzurun qərb torpaqlarını işğal etmişdi. Onun quldur dəstələri yaxşı silahlanmışdı. Azərbaycanlı kəndlilər isə baltadan, yabadan, dəyənəkdən, daşdan istifadə edərək müdafiəyə qalxmışdılar. Azərbaycan kəndlərinə soxulan ermənilər əhaliyə işgəncələr verir, məscidlərə toplayıb insanları yandırırdılar. Öldürülmüş uşaqları, qadınları, qocaları ağaclardan asırdılar ki, qorxu və vahimə hər yerə yayılsın. Ermənilərin törətdiyi vəhşiliklərin sonu görünmürdü.
Ermənilərə qarşı müharibədə xalqımızın öndə gedən şəxsiyyətləri böyük rol oynamışlar. Onlardan biri Sultan bəy Sultanov olmuşdur. Ermənilərlə mübarizədə Sultan bəy misilsiz igidliklər göstərmişdir.
*Terrorçu — qorxu, vahimə törədən cinayətkar